Joomla ServiceBest Web HostingWeb Hosting
 

AFU qış düşərgəsi keçirdi

Azad Fikir Universiteti 15-16 yanvar tarixində Qəbələdə qış düşərgəsi təşkil edib. Düşərgədə gənclərin sosial fəallığını necə artırmaq məsələləri müzakirə olunub. 50 nəfərə yaxın gənc fəal və tələbənin iştirak etdiyi qış düşərgəsində filosoflar Rəhman Bədəlov və Ağalar Məmmədov, hüquqşünas Erkin Qədirli, iqtisadçı-ekspert Qubad İbadoğlu, jurnalist və bloqçu Xədicə İsmayıl, AN şəbəkəsinin həmtəsisçisi Rəşad Şirin və yenimedia üzrə ekspert Emin Hüseynzadə interaktiv mühazirələr oxuyub. Hər mühazirədən sonra gənclər müvafiq mövzular haqqında maraqlı müzakirələraparıblar.

Qış düşərgəsinin birinci günü Professor Rəhman Bədəlov Azərbaycanda və dünyada vətəndaş cəmiyyəti təcrübəsi haqqında çıxış edib və cəmiyyətin müxtəlif seqmentləri və üzvləri arasında rabitənin əhəmiyyətinə toxunub, eləcə də gənclərin vətəndaş cəmiyyətində fəallığını necə artıra biləcəkləri barədə danışıb. Fəlsəfəşünas Ağalar Məmmədov insanları sıxan sosial, iqtisadi, dini, siyasi, məhəlli baryerlər və qorxulardan necə azad olmaq və fəaliyyətə keçmək barədə söhbət açıb.

Qubad İbadoğlu 2010-cu ilin iqtisadi yekunları və gənclərin ondan çıxaracağı dərslərdən, Xədicə İsmayıl isə jurnalistləri iş başında gözləyən dilemmalardan danışıb. Emin Hüseynzadə sosial fəal gənclərin öz fəaliyyətlərində İnternet alətlərindən necə istifadə etmək barədə maraqlı məsləhətlər verib.

Erkin Qədirli qloballaşma fenomenindən, dünyanın necə “kiçilməsindən” və bunun gənclər üçün yaratdığı yeni fürsət və imkanlardan söhbət açıb. Qış düşərgəsinə yekun vuran çıxış və müzakirələrdə Rəşad Şirin intellektual şəbəkələri necə qurmaq və sosial kapital haqqında danışıb.

Düşərgə zamanı iştirakçılar həm də “Sosial şəbəkə” filminə baxıblar və film barədə müzakirələr aparıblar.

 

Facebook-da fəaliyyət